STAR neft emalı zavodu aviayanacaq istehsalını 34 % artırıb

Energetika
  • 28 avqust, 2023
  • 09:22
STAR neft emalı zavodu aviayanacaq istehsalını 34 % artırıb

Bu ilin iyun ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 120 min 548 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2022-ci ilin iyun ilə müqayisədə 30 min 494 ton və ya 33,9 % çoxdur.

Ümumilikdə, bu ilin iyun ayında Türkiyədə neft emalı zavodları tərəfindən 533 min 701 tona yaxın aviayanacaq istehsal edilib ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 61 min 657 ton və ya 13,06 % çoxdur.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 12 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.