SOCAR Ukraynada işgüzar fəaliyyətini genişləndirir
- 27 oktyabr, 2021
- 17:37
SOCAR-ın törəmə şirkəti olan “SOCAR Energy Ukraine” MMC gələn il Ukraynada daha 2-3 ədəd yanacaqdoldurma məntəqəsi açmağı nəzərdə tutur.
“Report” SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla yanaşı, hələ 2020-ci ildə Ukraynanın aidiyyəti qurumları ilə imzalanmış memoranduma uyğun olaraq Çonhar sərhəd nəzarət məntəqəsində şirkətin sərmayədar olduğu böyük servis mərkəzinin də açılması gözlənilir.
Bu il isə Ukraynada iki yanacaqdoldurma məntəqəsi açılıb. Onlardan biri Kiyev şəhərində Bandera prospekti, 36 ünvanında, digəri Xarkov şəhəri, Yaroş küçəsində istifadəyə verilib. Ötən il isə Ukraynada yeni məntəqələr tikilməyib, əvəzində mövcud olanların karantin şərtlərinə uyğunlaşdırılmasına, o cümlədən əvvəlcədən məhsul sifarişi ilə bağlı onlayn servislərin tətbiqinə üstünlük verilib.
Mətbuat xidmətindən həmçinin bildiriblər ki, ötən ilə nisbətən Ukraynada yanacaq satışları 11 faiz artıb. Qeyri-yanacaq satışlarında da adi mövsümi dəyişkənlik baş verir.
Həmçinin SOCAR şəbəkəsinin müştəriləri avtomobildən düşmədən ödəniş etmək imkanından da getdikcə daha çox yararlanırlar. Belə ki, “SOCAR level” mobil tətbiqindəki SOCAR pay vasitəsilə həyata keçirilən ödəmələrin sayı ötən ilə nisbətən üç dəfədən çox artıb və bu, davam edir. Bunun pandemiya səbəbindən insanlar arasında təmasları azaltmaq meylindən irəli gəldiyi bildirilir.
Xatırladaq ki, 2008-ci ildə təsis edilən “SOCAR Energy Ukraine” MMC 2012-ci ildən Ukraynada 63 yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkəyə malikdir.