SOCAR: “Qazaxıstan Azərbaycanın neft kəməri infrastrukturuna daha çox maraq göstərir”
- 21 iyun, 2023
- 14:25
Yeniliklərdən dərhal xəbərdar olun!
“Geosiyasi vəziyyət Qazaxıstanın öz neftini dünya bazarlarına çıxarmaq üçün alternativ kimi Azərbaycanın infrastrukturundan istifadə etməyə marağının artmasına səbəb olub”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “S&P Global”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan öz infrastrukturundan istifadə edilərək 2022-ci illə müqayisədə 2023-cü ildə Qazaxıstandan əlavə 1,5 milyon ton (gündə təxminən 30 123 barel ekvivalentində) xam neft nəql etməyi gözləyir.
V. Bəylərbəyov qeyd edib ki, güman ki, Qazaxıstandan Bakı-Tbilisi-Ceyhan marşrutu ilə tədarük edilən xam neftin mövcud həcmləri ilə birlikdə onun ümumi həcmi 2023-cü ildə 2 milyon tonu keçməyəcək: “Eyni zamanda, Azərbaycanın təklif edə biləcəyi imkanlar daha yüksəkdir: demək olar ki, dərhal, əhəmiyyətli sərmayələr olmadan üçüncü tərəflərin 15 milyon ton xam neftini daşımaq mümkündür. Lakin böyük həcmlər üçün əlavə investisiyalara ehtiyac var. Bu məqsədlə bu həcmlərin istehlakçılarından uzunmüddətli öhdəlik tələb edilir”.