SOCAR-ın Ukraynadakı aktivləri 140 milyon manatı ötüb

Energetika
  • 28 iyun, 2024
  • 10:34
SOCAR-ın Ukraynadakı aktivləri 140 milyon manatı ötüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “SOCAR Energy Ukraine” şirkətinin aktivləri 144 milyon manat təşkil edib.

Bu barədə "Report" SOCAR-ın 2023-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir.

“2023-cü il dekabrın 31-nə SOCAR-ın Ukraynadakı aktivləri 144 milyon manat, öhdəlikləri isə 94 milyon manat təşkil edib. Eyni zamanda, aktivlər ticarət debitor borclarından və inventarlardan, öhdəliklər isə əsasən ticarət kreditor borclarından və qısamüddətli borc öhdəliklərindən ibarət olub”, - hesabatda qeyd edilib.

SOCAR-ın Ukraynada üçüncü şəxslərlə borc üzrə digər qalıqları da olub ki, bu da əsasən üçüncü şəxslərə 73 milyon manat məbləğində borcdan ibarət idi.

Hesabata görə, ötən il Ukrayna iqtisadiyyatına insan kapitalının miqrasiyası, nəqliyyat kommunikasiyalarında nasazlıqlar və hərbi istehsala diqqətin artması kimi amillər mənfi təsir göstərib:

“İnflyasiya yüksək artımdan sonra 2023-cü ilin sonuna 12,9 %-ə düşüb. Müharibədən əvvəl Ukraynaya yanacaq idxalının əsas hissəsi Rusiya və Belarusdan tədarük edilirdi. Bu tədarüklərin azalması Ukraynada, xüsusilə pərakəndə satış sektorunda müvəqqəti yanacaq çatışmazlığına səbəb olub”.

Hesabatda bildirilib ki, SOCAR rəhbərliyi mövcud vəziyyətdə baş verən dəyişiklikləri izləyir və yaxın gələcəkdə biznesinin dayanıqlılığını və inkişafını dəstəkləmək üçün lazımi tədbirlər görür.

Xatırladaq ki, 2009-cu ilin dekabrında yaradılan “SOCAR Energy Ukraine” şirkətinin əsas fəaliyyət istiqaməti neft məhsullarının topdan və pərakəndə satışı, təbii qazın və aviasiya yanacağının topdan satışıdır.

44 - Tezliklə