SOCAR Gürcüstanda qazpaylayıcı şəbəkələrin inkişafına 19 milyon dollardan çox sərmayə qoyacaq
- 28 noyabr, 2024
- 13:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Energetika və Su Təchizatının Tənzimlənməsi üzrə Milli Komissiyası ölkənin qaz təchizatı şəbəkəsinin etibarlılığını artırmaq üçün 2025-2029-cu illər ərzində altı qazpaylayıcı şirkətin həyata keçirəcəyi investisiyaları təsdiqləyib.
Bu barədə “Report” komissiyaya istinadən xəbər verir.
"Tbilisi Energy" MMC, "Sachkheregas" MMC, "EnergoUnion" MMC, "SOCAR Georgia Gas" MMC, "Sakorgas" MMC, "Telavgas" MMC qaz paylayıcı şirkətlərinin 5 il ərzində investisiya yatırmağı planlaşdırdığı ümumi məbləğ 295,2 milyon lari (təxminən 107,6 milyon ABŞ dolları) təşkil edir.
"Şirkətlərin komissiya ilə razılaşdırdığı investisiya layihələrinin məqsədi xidmət keyfiyyətinin artırılması, şəbəkənin etibarlılığının, dayanıqlılığının və səmərəli işinin artırılması, təhlükəsiz və fasiləsiz qaz təchizatının təmin edilməsi, təbii qazın uçotunun tənzimlənməsi və itkilərin azaldılmasıdır", - məlumatda bildirilib.
Ən böyük investisiya məbləği "Tbilisi Energy"yə məxsusdur. Şirkət Tbilisidə qaz şəbəkəsinin saxlanması və genişləndirilməsi işlərinə 173,1 milyon lari (63,1 milyon ABŞ dolları) ayıracaq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi “SOCAR Georgia” MMC göstərilən dövrdə Gürcüstanda qazpaylayıcı şəbəkələrin inkişafına 52,3 milyon lari (19,1 milyon ABŞ dolları) ayıracaq.