SOCAR Gürcüstan bazarına qaz nəqlini 57 %-dək artırıb
- 24 oktyabr, 2022
- 06:24
Bu ilin üçüncü rübündə ölkə üzrə ixrac olunan təbii qaz həcmləri 16 % artaraq 5,2 milyard kubmetr olub.
“Report”un məlumatına görə, bu barədə SOCAR-ın 2022-ci ilin 3-cü rübündə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumatında deyilir.
Bildirilir ki, iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən Gürcüstan bazarına isə 174 milyon kubmetr təbii qaz ixrac olunub. Qonşu ölkəyə ixrac edilən qaz həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 56,8 % artıb.
Qeyd edək ki, SOCAR Gürcüstana təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə ixrac edir.
Bu kəmər 691 km uzunluq (Azərbaycan ərazisində - 443 km, Gürcüstan ərazisində - 248 km) və 42 düym diametr ölçüsündə olan boru kəməridir. Boru kəməri "Şahdəniz" yatağından hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədinə nəql etmək məqsədilə inşa edilib. Türkiyə sərhədinə ilk qaz 2006-cı ildə çatdırılıb. Ətraf mühitə minimal təsir göstərmək məqsədilə CQBK Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə eyni dəhliz boyu inşa edilib. Boru kəmərinin ilkin nəql qabiliyyəti illik 7,41 milyard kubmetr təşkil edib.