Serbiya Azərbaycandan 35 milyon kubmetrdən çox qaz alıb
- 23 dekabr, 2024
- 06:36
Azərbaycan bu ilin əvvəlindən Serbiyaya 35,3 milyon kubmetrdən çox təbii qaz tədarük edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Azərbaycan qazının Serbiyaya tədarükü 2024-cü ilin fevralında başlayıb.
Bu ilin fevral-oktyabr aylarında Serbiyaya 12 milyon 984,04 min ABŞ dolları dəyərində 35 milyon 352,33 min kubmetr qaz tədarük edilib. Serbiyaya tədarük Azərbaycanın ümumi qaz ixracının cəmi 0,2 %-ni təşkil edib.
Statistik məlumatlara görə, təkcə oktyabr ayında Azərbaycan Serbiyaya 1 milyon 369,98 min ABŞ dolları dəyərində 3 milyon 35,77 min kubmetr qaz tədarük edib.
Söhbət Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən rəsmiləşdirilmiş (bəyan edilmiş) həcmlərdən gedir.
Xatırladaq ki, 2023-cü ilin noyabrın 15-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Srbijagas” arasında 2024-cü ildə Serbiyaya 400 milyon kubmetrə qədər qazın nəqli haqqında müqavilə bağlanıb. 2024-2026-cı illərdə Serbiya Azərbaycandan illik 400 milyon kubmetrədək qaz alacaq, 2027-ci ildən etibarən tədarükün həcminin artırılması nəzərdə tutulur.