Serbiya Azərbaycandan 32 milyon kubmetrdən çox qaz alıb

Energetika
  • 28 noyabr, 2024
  • 08:30
Serbiya Azərbaycandan 32 milyon kubmetrdən çox qaz alıb

Bu ilin əvvəlindən Azərbaycan Serbiyaya 32 milyon kubmetrdən çox təbii qaz tədarük edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycan qazının Serbiyaya tədarükü 2024-cü ilin fevralında başlayıb.

Bu ilin fevral-sentyabr ayları ərzində Serbiyaya 11 milyon 614,06 min ABŞ dolları dəyərində 32 milyon 316,56 min kubmetr qaz verilib.

Statistikaya görə, təkcə sentyabr ayında Azərbaycan Serbiyaya 1 milyon 214,16 min ABŞ dolları dəyərində 3 milyon 140,42 min kubmetr qaz verib. Serbiyaya tədarük Azərbaycandan qaz ixracının ümumi həcminin cəmi 0,17 %-ni təşkil edib.

Söhbət Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən rəsmiləşdirilmiş (bəyan edilən) həcmlərdən gedir.

Xatırladaq ki, 2023-cü ilin noyabrın 15-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Srbijagas” arasında 2024-cü ildə Serbiyaya 400 milyon kubmetrə qədər qazın nəqli haqqında müqavilə bağlanıb. 2024-2026-cı illərdə Serbiya Azərbaycandan illik 400 milyon kubmetrədək qaz alacaq, 2027-ci ildən etibarən tədarükün həcminin artılırması nəzərdə tutulur. Bundan əlavə, 2024-cü il sentyabrın 26-da SOCAR və "Srbijagas" 2024-cü il noyabrın 1-dən 2025-ci il aprelin 1-dək olan dövr üçün gündəlik 1 milyon kubmetr həcmində əlavə Azərbaycan qazının Serbiyaya alqı-satqısı üzrə müqavilə imzalayıb.