Səngəçal terminalından 141 mln. bareldən çox neft və kondensat ixrac edilib
- 01 avqust, 2018
- 13:01
Bakı. 1 avqust. REPORT.AZ/ Bu ilin I yarısı ərzində Səngəçal terminalından üçüncü tərəf həcmləri də daxil olmaqla 141 mln. bareldən çox neft və kondensat ixrac edilib.
"Report" bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatına əsasən xəbər verir.
Bu həcmin təqribən 124 mln. bareli (ötən ilin müvafiq dövrü ilə eyni səviyyədə) Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 16 mln.bareldən çox (3% çox) Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutu vasitəsilə və təqribən 1 mln. barelə (33% az) yaxın ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edilib.
Terminalın neft və kondensat ixracı ötən ilin müvafiq dövrü ilə eyni həcmdə olub.
İki rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 27 mln. kubmetr (963 mln. kubfut) “Şahdəniz” qazı ixrac edilib. Bu isə illik müqayisədə 3,6% azdır.
Qeyd edək ki, neft və qaz “Azəri-Çıraq-Günəşli” (AÇG) və "Şahdəniz" yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və "Şahdəniz" qazı üçün təqribən 32 mln. kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 mln. kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz" İB-nin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.