Şefik Caferoviç: ""Azərbaycan Bosniya və Herseqovinanın IAP kəmərinə qoşulmağa kömək etməyə hazırdı"

Energetika
  • 04 noyabr, 2021
  • 14:51
Şefik Caferoviç: Azərbaycan Bosniya və Herseqovinanın IAP kəmərinə qoşulmağa kömək etməyə hazırdı
Şefik Caferoviç

Azərbaycan Bosniya və Herseqovinanın (BİH) qaz təchizatında kömək etməyə hazırdır.

“Report” xəbər verir ki, bunu yerli mətbuata Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç deyib.

"Azərbaycan qazının ölkəmizə tədarükü üçün ən qısa müddətdə Bosniya və Herseqovinanın İon- Adriatik Qaz Kəmərinə (IAP) qoşulmağa kömək etməyə hazırdı. Ümid edirəm ki, BİH-in də bu layihəyə qoşulmaq üçün kifayət qədər müdrikliyi və hazırlığı olacaq. Bu çox vacib olardı ölkəmizi Azərbaycan qazı ilə təmin etmək üçün", - Ş.Caferoviç bildirib.

Bundan başqa, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının minalardan təmizlənməsi məsələsində köməyə ehtiyacı var və bu prosesdə BİH-nin böyük təcrübəsi var: "Ona görə də mən BİH ilə Azərbaycanın bu istiqamətdə əməkdaşlıq edə bilməsi üçün ölkə daxilində mexanizm yaratmağa hazıram. Müvafiq qurumların qərarlarından sonra minatəmizləmə sahəsində böyük təcrübəyə malik peşəkarlar, Azərbaycandan gələn insanlara təlim keçməyə hazırdır”.

Ş.Caferoviçin sözlərinə görə, Bosniya və Herseqovina şirkətləri Qarabağ bölgəsində ərazilərin yenidən qurulmasında iştirak etməyə dəvət edilib: "BİH-nin bu sahədə fəaliyyət göstərməyə böyük marağı var.

Hazırda ən vacib məsələ BİH-dəki qurumların normal şəkildə çalışmasının önündəki əngəlləri qaldırmaqdır. Bu, BİH-də yaşayan hamımızın marağına uyğundur".

Xatırladaq ki, IAP kəmərinin Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməsi nəzərdə tutulur. Kəmərin Albaniya, Monteneqro, Bosniya və Herseqovina və Xorvatiya ərazisindən keçməsi planlaşdırılır. IAP kəmərinin Splitdən (Xorvatiya) Fierə (Albaniya) qədər uzunluğunun 516 km olması nəzərdə tutulur. Boru kəmərinin ötürücülük gücünün illik 5 mlrd. kubmetr olması planlaşdırılır.

2016-cı ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik Qaz Kəməri layihəsinin gələcək inşası üzrə Anlaşma Memorandumu imzalanıb.