Sanjar Jarkeşov: "Qazaxıstan gələcəkdə BTC və Bakı–Supsa ilə neft ixrac edə bilər" - EKSKLÜZİV

Energetika
  • 14 oktyabr, 2025
  • 16:12
Sanjar Jarkeşov: Qazaxıstan gələcəkdə BTC və Bakı–Supsa ilə neft ixrac edə bilər - EKSKLÜZİV

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə neftin tranzit həcmini artırmaq niyyətindədir.

Bu barədə "Report"a açıqlamasında Qazaxıstanın energetika nazirinin müavini Sanjar Jarkeşov məlumat verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı danışıqlar davam edir, lakin hələlik konkret proqnoz göstəricilərini söyləmək tezdir.

"Qiymətqoyma, xüsusilə də Azərbaycan tərəfindən müəyyən edilən tranzit tarifləri məsələsi hazırda müzakirə olunur. Ümumilikdə, Qazaxıstan BTC kəməri ilə tranzit həcmlərini artırmaqda maraqlıdır. Hazırda Qazaxıstan yataqlarından Bakıya, daha sonra isə Ceyhanda son məntəqəyə qədər bütün logistika zəncirinin formalaşdırılması üzərində iş gedir. Bu niyyət iki ölkə arasında birgə hökumətlərarası komissiyanın yekun protokolunda da əksini tapıb", - S. Jarkeşov bildirib.

Nazir müavini vurğulayıb ki, BTC marşrutu Qazaxıstan üçün strateji əhəmiyyət daşıyır, çünki o, ixrac marşrutlarının şaxələndirilməsinə və müəyyən istiqamətlərdən asılılığın azaldılmasına imkan yaradır.

"Azərbaycan tərəfindən cavab gözləyirik. Onlar da bu məsələyə böyük maraq göstərirlər, buna görə də bu istiqamətdə birgə işləməyə hazırıq", - o əlavə edib.

Bakı-Supsa marşrutunun mümkün istifadəsi ilə bağlı suala cavabında S. Jarkeşov qeyd edib ki, Qara dəniz istiqamətində bəzi logistik və iqlim məhdudiyyətləri olsa da, bu variant da nəzərdən keçirilir.

"Gələcəkdə, xüsusilə yeni və birgə yataqlarda hasilat artdıqca, hər iki marşrutdan istifadə edilə bilər. Hazırda isə Bakı-Tbilisi-Ceyhan layihəsinin ötürmə gücü həm Azərbaycanın, həm də Qazaxıstanın tələbatını tam şəkildə qarşılayır", - o deyib.

Xatırladaq ki, 2022-ci ildə "KazMunayGaz" (KMG) ilə SOCAR arasında Qazaxıstan neftinin BTC vasitəsilə tranziti haqqında saziş imzalanıb. Saziş imzalandıqdan bu günə qədər kəmərlə Qazaxıstandan təxminən 3,4 milyon ton neft nəql olunub.

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılışı 2006-cı il iyulun 13-də baş tutub. Onun ümumi uzunluğu 1 768 km təşkil edir: 443 km-i Azərbaycanın, 249 km-i Gürcüstanın, 1 076 km-i isə Türkiyənin ərazisindən keçir.

Son xəbərlər

Bütün Xəbər Lenti