“Şahdəniz” yatağının əməliyyat xərcləri 2 dəfə artıb
- 10 fevral, 2022
- 11:10
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci il ərzində “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağı üzrə fəaliyyətlərə 2 milyard ABŞ dollarından artıq əməliyyat xərcləri və təxminən 680 milyon ABŞ dolları əsaslı xərclər çəkilib.
“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2021-ci il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Ötən il “Şahdəniz” yatağı üzrə əməliyyat xərclərinin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard ABŞ dolları və ya 2 dəfə çox, əsaslı xərclərin həcmi isə 262 milyon ABŞ dolları və ya 27,8 % azdır.
Bildirilib ki, əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
Məlumata görə, 2021-ci ildə “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olundu. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanmışdır. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.
Qeyd edək ki, layihədə BP (operator – 28,83 %), "AzSD" (10 %), "SGC Upstream" (6,67 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.