“Şahdəniz” yatağı üzrə əsaslı xərclər 14 % azalıb
- 13 fevral, 2025
- 08:04
Ötən il “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 2 milyard 203 milyon ABŞ dolları əməliyyat xərcləri və 766 milyon ABŞ dolları əsaslı xərclər çəkib.
“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə ötən ilin yekunları üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
İl ərzində “Şahdəniz” yatağı üzrə əməliyyat xərclərinin həcmi 9 milyon ABŞ dolalrı və ya 0,4 % artıb, əsaslı xərclərin həcmi isə -126 milyon ABŞ dolları və ya 14,1 % azalıb.
Bildirilib ki, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (16,02 %), “LUKoil” (19,99 %), TPAO (19 %), MVM (5 %), NİKO (10,00 %) şirkətləri iştirak edir.