“S&P Global”:  Azərbaycan Avropaya qaz ixracını yüksək səviyyədə saxlamaq üçün əlindən gələni edir

Energetika
  • 26 fevral, 2024
  • 13:15
“S&P Global”:  Azərbaycan Avropaya qaz ixracını yüksək səviyyədə saxlamaq üçün əlindən gələni edir

Norveç, Əlcəzair və Azərbaycan kimi ənənəvi boru kəmərləri ilə qaz təchizatçıları yüksək ixrac səviyyəsini saxlamaq üçün əllərindən gələni edirlər.

Bu barədə “Report” “S&P Global” beynəlxalq reytinq agentliyinə istinadən məlumat verir.

Bildirilir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən iki il keçsə də, bu, Avropa tarixində ən pis qaz böhranının başlanmasına səbəb olub.

Nəşr yazır ki, bu səbəbdən bazar dinamikası kəskin şəkildə dəyişib, tədarük mənbələri və marşrutlarına əhəmiyyətli dərəcədə dəyişiklik edilib: “Rusiya boru kəmərinin tədarükü dayandırıldığı halda, Avstriya, Slovakiya, Macarıstan və Avropa İttifaqı (Aİ) üzvü olmayan Serbiya da daxil olmaqla, yalnız bir neçə ölkə hələ də Rusiyanın “Qazprom” şirkətindən boru kəməri qazını idxal edir. Rusiyanın LNG-nin Avropaya tədarükü nisbətən sabit qalsa da, onlar hələ də Avropanın ümumi qaz idxalının yalnız kiçik bir hissəsini təşkil edir. Artıq Aİ üzv dövlətlərinə Rusiya idxalını milli səviyyədə məhdudlaşdırmaq səlahiyyəti verdiyindən və Avstriya Rusiya qazından çıxışını sürətləndirməyə çalışır. Avropada qalan Rusiya qaz həcmləri qeyri-müəyyən gələcəklə üzləşir”.

Avropa Komissiyasının məlumatına görə, Aİ artıq Rusiya qazı və LNG idxalının kəskin azalmasının şahidi olub. Belə ki, 2021-ci ildə tədarük həcmləri 155 milyard kubmetr olan qazın həcmi 2022-ci ildə 80 milyard kubmetrə çatıb. 2023-cü ildə isə bu rəqəm 43 milyard kubmetrə qədər azalıb. Ötən ilin dekabrında Norveçin Avropaya boru kəməri ixracı aylıq rekord həddə çatıb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan Avropaya 11,8 milyard kubmetr təbii qaz ixrac edib. Bu, 2022-ci illə müqayisədə 0,4 milyard kubmetr və ya 3,5 % çoxdur. Ümumilikdə isə ötən il Azərbaycandan xaricə qaz satışı 23,8 milyard kubmetr təşkil edib ki, bu, 2022-ci ilə müqayisədə 5,3 % çoxdur.

Bu müddət ərzində Azərbaycandan Türkiyəyə 9,5 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı 1,1 milyard kubmetr və ya 13,1 % artıb, Gürcüstana isə nəql edilən təbii qazın həcmi dəyişməz qalıb. Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 5,6 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə eynidir.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb. TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən, yaxın 4 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.

44 filmi