Bakının Qızıldaş qəsəbəsində KES tikintisinə torpaq sahəsi ayrılıb
- 27 noyabr, 2026
- 16:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Nazirlər Kabineti Bakının Qaradağ rayonunun Qızıldaş qəsəbəsində dövlət mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında qərar qəbul edib.
"Report" xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, qəsəbədə külək elektrik stansiyasının (KES) tikintisinə torpaq sahəsi ayrılıb.
Belə ki, qoyuluş gücü 70 MVt olan KES-in tikintisi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 7,6154 hektar və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 1,1716 hektar olmaqla, ümumilikdə 8,787 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Energetika Nazirliyi elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri ölkə Prezidentinin 2 avqust 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"nın tələblərinə uyğun həyata keçirməlidir.
Qərar qüvvəyə mindiyi tarixdən KES tikintisinə icazə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə müddət başa çatdığı gündən 3 gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.