PSO Azərbaycanla LNG alışına dair müqavilə imzalayıb

Energetika
  • 26 dekabr, 2024
  • 12:31
PSO Azərbaycanla LNG alışına dair müqavilə imzalayıb

“Pakistan State Oil Limited” (PSO) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə mayeləşdirilmiş təbii qazın (LNG) alqı-satqı ilə bağlı müqavilə imzalayıb.

Bu barədə “Report” Pakistan KİV-ə istinadən xəbər verir.

Nəşrlər qeyd edib ki, PSO Pakistan Fond Birjasına ünvanladığı bildirişdə sənədin imzalanmasını təsdiqləyib:

"Müqavilənin bağlanması Pakistan Enerji Nazirliyinin (Neft Departamenti) 3 dekabr 2024-cü il tarixli məktubunda PSO-ya müqavilə layihəsinin dövlət orqanları tərəfindən təsdiqlənməsi barədə məlumat verməsindən sonra mümkün olub. Həmin məktubda qurum şirkətə sazişin qısa müddətdə imzalanması üçün bütün zəruri tədbirləri görməyi tövsiyə edib".

Növbəti addım PSO-nun Direktorlar Şurasının SOCAR ilə müqavilənin imzalanmasını təsdiqləyən qərarı olub.

"İmzalanmış sənəd SOCAR-dan dekabrın 24-də alınıb. Bu müqavilənin icrası müəyyən edilmiş qaydada həyata keçiriləcək", - məlumatda deyilir.

Beləliklə, PSO “Pakistan LNG Limited” (PLL) şirkətindən sonra bu ölkə üzrə SOCAR-dan LNG idxal edəcək ikinci şirkət olub.

Qeyd edək ki, daha əvvəl, 2023-cü ilin iyul ayında PLL və SOCAR LNG alışı üzrə çərçivə sazişi imzalayıblar.

44 - Tezliklə