Pərviz Şahbazov: "Azərbaycan Yunanıstana indiyədək 5,6 milyard kubmetr qaz tədarük edib" - YENİLƏNİB

Energetika
  • 03 aprel, 2026
  • 17:34
Pərviz Şahbazov: Azərbaycan Yunanıstana indiyədək 5,6 milyard kubmetr qaz tədarük edib - YENİLƏNİB

Ümumilikdə Trans-Adriaktik Qaz Boru Kəməri (TAP) istismara verildikdən sonra Azərbaycandan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac olunub.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazovla Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinus arasında keçirilən görüşdə bildirilib.

Məlumata görə, ötən il Yunanıstana qaz təchizatı 1,1 milyard kubmetr təşkil edib.

Görüşdə iki ölkə arasında enerji əməkdaşlığı, xüsusilə TAP vasitəsilə Azərbaycandan qaz tədarükünün əhəmiyyəti diversifikasiyanın təmin olunması, əlverişli qiymətlərin formalaşması, ətraf mühitin qorunması və Yunanıstanın enerji habı kimi rolunun gücləndirilməsi kontekstində yüksək qiymətləndirilib.

Görüş zamanı enerji sahəsində mövcud uğurlu əməkdaşlığın digər istiqamətlər üzrə də genişləndirilməsinin vacibliyi vurğulanıb, xüsusilə "yaşıl enerji", enerji səmərəliliyi və innovativ texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Azərbaycan Respublikası ilə Yunanıstan Respublikası arasında İqtisadi, Sənaye və Texnoloji Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının Afinada keçirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib. Bundan əlavə, Yunanıstan tərəfi "Bakı Enerji Həftəsi" çərçivəsində keçiriləcək tədbirlərdə geniş tərkibdə iştiraka dəvət olunub.

Azərbaycan Yunanıstanı indiyədək 5,6 milyard kubmetr təbii qazla təchiz edib.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.

Nazir bildirib ki, Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinus ilə görüşüb.

Görüşdə iki ölkə arasında enerji sahəsində və Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın inkişafına dair məsələləri müzakirə edilib.

Xatırladaq ki, Azərbaycandan Yunanıstana təbii qazın tədarükü Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə həyata keçirilir. Bu kəmərin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.