“Özbəkneftqaz” Azərbaycanda bərpa olunan enerji və karbonsizləşdirmə layihələrində iştirak etmək istəyir
- 10 sentyabr, 2022
- 09:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Özbəkistanın energetika nazirliklərinin avqustda imzaladıqları qarşılıqlı əməkdaşlıq yol xəritəsi "Özbəkneftqaz" və digər Özbəkistan şirkətlərinin Azərbaycanda yeraltından çıxarılan yanacaq, bərpa olunan enerji və karbonsizləşdirmə layihələrində iştirak etmək üçün imkanlar yaradacaq.
“Report” xəbər verir ki, bu barədə "Upstream" nəşrinə Özbəkistanın Energetika Nazirliyindən bildirilib.
“Bərpa olunan enerji hər iki ölkə üçün xüsusi maraq doğurur, tərəflər günəş və külək enerjisi ilə bağlı layihələri əhatə edən hərraclar haqqında məlumat paylaşmağa razılaşıblar”, - Nazirlikdən bildirilib.
Məlumata əsasən, Özbəkistan 2020-ci ildən günəş və külək elektrik stansiyalarının tikintisi ilə bağlı bir sıra mühüm sazişlər imzalasa da, Azərbaycan bu yola məhz bu il başlayıb.
Qeyd edək ki, iyun ayında Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti (Abu Dhabi Future Energy Company) Azərbaycanın Energetika Nazirliyi ilə ölkədə quruda yerləşən külək və günəş stansiyalarının hər biri 1 giqavat gücündə, həmçinin 2 giqavat gücündə inteqrasiya edilmiş dəniz külək və ekolojı təmiz yaşıl hidrogen layihələrini əhatə edən “tətbiqi haqqında müqavilələri” imzalayıblar.
Dünya Bankının hesablamalarına görə, neft və qazla zəngin Azərbaycan 2040-cı ilə qədər Xəzər dənizinin külək potensialından isitfadə edərək 7 giqavat enerji istehsal edə bilər.
Qeyd edək ki, hazırda Qarabağda beş su elektrik stansiyası tikilir və bu layihələr 2022-ci ildə tamamlanması planlaşdırılır. Bu günə qədər Qarabağda 4 min meqavat gücündə 9 elektrik stansiyası açılıb. Həmçinin, 18 xırda su elektrik stansiyasını hərraca çıxarılması nəzərdə tutulur.
Laçın və Kəlbəcərdə 100 meqavat gücündə külək elektrik stansiyaların və 50 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulub.