Ötən il “Şahdəniz” yatağından qaz hasilatı 4 % artıb

Energetika
  • 12 fevral, 2024
  • 11:38
Ötən il “Şahdəniz” yatağından qaz hasilatı 4 % artıb

2023-cü ildə “Şahdəniz” yatağından ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 26 milyard standart kubmetr qaz və 4 milyon tondan artıq (təqribən 27 milyon barel) kondensat hasil edilib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2023-cü il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Hesabat dövründə “Şahdəniz” yatağından qaz hasilatının həcmi 2022-ci ildəkindən 4 % çox, kondensat hasilatının həcmi demək olar eynidir.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 74 milyon (ildə 27 milyard) standart kubmetrdir.

Qeyd edək ki, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb. "Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.

Hazırda “Şahdəniz” yatağından qaz hasilatı birinci mərhələsi çərçivəsində “Alfa” və ikinci mərhələsi çərçivəsində isə “Bravo” platformalarından həyata keçirilir. "Şahdəniz-1” yatağından hasil edilən qazı Gürcüstana, 2007-ci ilin iyul ayından isə Türkiyəyə çatdırır. “Şahdəniz-2” çərçivəsində boru kəmərinin genişləndirilmiş hissəsi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb.

Layihədə BP (operator – 29,99 %), "Lukoil” (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.