Ötən il “Şahdəniz” yatağından 2,4 mln. ton kondensat hasil edilib

Energetika
  • 16 fevral, 2018
  • 08:19
Ötən il “Şahdəniz” yatağından 2,4 mln. ton kondensat hasil edilib

Bakı. 16 fevral. REPORT.AZ/ 2017-ci il ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 10,2 mlrd. kubmetr qaz və 2,4 mln.ton (təqribən 19 mln.barel) kondensat hasil edilib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin ilin yekunları ilə bağlı hesabatında qeyd olunub.

Ötən il “Şahdəniz” yatağından qaz hasilatının həcmi 2016-cı ildəkinn 4,67%, kondensat hasilatının həcmi isə 4% az olub.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 30 mln. (ildə təqribən 10,9 mlrd.) standart kubmetrdir.

Xatırladaq ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Layihədə BP (operator - 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

44 - Tezliklə