Ötən il CPC boru kəməri neft ixracını 3 %-dən çox azaldıb

Energetika
  • 13 yanvar, 2023
  • 10:23
Ötən il CPC boru kəməri neft ixracını 3 %-dən çox azaldıb

Rusiya, Qazaxıstan və dünyanın bir sıra aparıcı şirkətlərinin iştirak payı olan neft nəqli layihəsi Xəzər Boru Kəməri Konsorsiumu (CPC) 2022-ci i ərzində 58,7 milyon ton neft ixrac edib.

“Report”un konsorsiumun saytına istinadən verdiyi məlumata görə, bu, 2021-ci illə müqayisədə 2 milyon ton və ya 3,3 % azdır.

Belə ki, 2021-ci ildə bu boru kəməri ilə ümuumilikdə dünya bazarına 60,7 milyon tondan artıq xam neft ixrac edib.

İxrac edilən neftin 80 %-i Qazaxıstan, 10 %-i isə Rusiyanın payına düşüb.

2022-ci ildə bu boru kəməri ilə Qazaxıstan ərazisindən 52,2 milyon ton neft yola salınıb. Tədarük edilən bütün neftin həcmləri il ərzində 527 tankerə doldurulub.

Təkcə 2022-ci ilin dekabr ayında bu boru kəməri ilə 660 min ton neft ixrac edilib. Noyabr ayında isə bu rəqəm 364 min ton təşkil edib.

Xatırladaq ki, daha əvvəl bu kəmər ilə ixrac edilən Rusiya nefti sonradan Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri ilə nəql edilirdi. Ancaq Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı qoyulan embarqo səbəbindən dekabrın 5-dən Rusiya neftinin nəqli dayandırılıb. Bununla belə, CPC boru kəməri isə Qərbin sanksiyaları altına düşməyib.

Qeyd edək ki, CPC boru kəməri sistemi MDB məkanında xarici kapitalın iştirakı ilə enerji sektorunda həyata keçirilən ən böyük investisiya layihələrindən biridir. Tengiz-Novorossiysk boru kəmərinin uzunluğu 1 511 km-dir. Qazaxıstanın ümumi ixrac neftinin üçdə ikisindən çoxu bu marşrutla, o cümlədən Rusiya yataqlarından, o cümlədən Xəzər dənizində yerləşən yataqlardan xammal daşınır.

CPC-nin səhmdarları: Rusiyanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyi etibarlı idarəetmə simasında “Transneft” şirkəti təmsil olunur – 24 %, “KTK Company – 7 %, “ KazMunayGas” – 19 %, “Kazakhstan Pipeline Ventures” MMC - 1,75 %, “Chevron Caspian Pipeline Consortium Company” – 15 %, “LUKARCO B.V.” - 12,5 %, “Mobil Caspian Pipeline Company” - 7,5 %, “Rosneft-Shell Caspian Ventures Limited” - 7,5 %, “BG Overseas Holdings Limited” – 2 %, “Eni International N.A. N.V. S.ar.l.” – 2 % və “Oryx Caspian Pipeline” - 1,75 %.