Ötən il BTC-nin əsaslı xərcləri 70 %-dən çox artıb

Energetika
  • 12 fevral, 2024
  • 11:43
Ötən il BTC-nin əsaslı xərcləri 70 %-dən çox artıb

Ötən il Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərclərinə təqribən 120 milyon ABŞ dolları, əsaslı xərclərə isə təqribən 46 milyon ABŞ dolları xərclənib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2023-cü il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, 2023-cü il ərzində BTC üzrə əməliyyat xərclərinin həcmi 2022-ci illə müqayisədə 20 milyon ABŞ dolları və ya 20 % çoxdur.

Eyni zamanda, BTC-nin bu dövr ərzində əsaslı xərclərin həcmi isə 19 milyon ABŞ dolları və ya 70,4 % artıb.

Qeyd edək ki, BTC neft kəmərinin uzunluğu 1 768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1 076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,10 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.