Ötən il BTC il nəql edilən neftin həcmi 14 %-dək artıb
- 09 fevral, 2023
- 11:56
2022-ci il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərclərinə 110 milyon ABŞ dolları, əsaslı xərclərə isə 27 milyon ABŞ dolları xərclənib.
“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2022-ci ilin yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.
Məlumata görə, ötən il BTC üzrə əməliyyat xərclərinin həcmi 2021-ci illə müqayisədə 19 milyon ABŞ dolları və ya 16 %, əsaslı xərclərin həcmi isə 7 milyon ABŞ dolları və ya 20,6 % azdır.
Ötən ilin martın 23-də BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5 000-ci tankerin yola salınmasını qeyd edib.
Hesabata görə, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 531 milyon tondan çox (3,99 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 244 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Yanvarın 18-də isə BTC 4 milyard barel neft ixracını qeyd edib.
2022-ci il ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 30 milyon ton (təxminən 224 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 305 tankerə yüklənmiş və yola salınıb. Ötən il ərzində BTC ilə nəqlin həcmi illik müqayisədə 3,6 milyon ton və ya 13,6 % çoxdur.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun nefti və “Şahdəniz” yatağından hasil edilən kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.
Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total Energies” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.