Ötən il Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 18 %-dən çox artıb

Energetika
  • 18 yanvar, 2023
  • 13:26
Ötən il Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 18 %-dən çox artıb

2022-ci il ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 39 milyard 216,9 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilə nisbətən 11,7 % artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 53 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 20 milyard 803,7 milyon kubmetr qaz ötürülüb. Bu, 2021-ci illə müqayisədə 18,08 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.