Ötən il Azərbaycanda istehsal olunan neft məhsullarının ümumi dəyəri açıqlanıb
- 17 yanvar, 2025
- 14:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycanda neft məhsulları istehsalının ümumi dəyəri 4 milyard 741,2 milyon manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 11 % azdır.
2024-cü ildə Azərbaycanda 27,4 min ton mazut istehsal edilib. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur.
Eyni zamanda, ölkədə 1 milyon 254,8 min ton həcmində avtomobil benzini istehsal edilib. Bu göstərici 2023-cü illə müqayisədə 16,2 % azdır.
Ötən il ölkədə 2 milyon 61,9 min ton dizel yanacağı istehsal edilib ki, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 13,3 % azdır.
Hesabat dövründə 69,6 min ton sürtkü yağları, 264,9 min ton neft bitumu istehsal edilib. İl ərzində sürtkü yağlarının istehsalı 16,2 % artıb, neft bitumunun istehsalı isə 4,6 % azalıb.
Həmçinin, 2024-cü ildə ölkədə 166,3 min ton maye qazlar, 590,2 min ton ağ neft, 182,3 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 29,7 %, neft koksunun istehsalı 23,5 % azalıb. Bu müddət ərzində ölkədə ağ neftin istehsalı 4,6 % azalıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.