Ötən il Azərbaycan ərazisi ilə neftin və qazın ötürülməsindən gələn gəlirlər açıqlanıb

Energetika
  • 06 mart, 2024
  • 13:12
Ötən il Azərbaycan ərazisi ilə neftin və qazın ötürülməsindən gələn gəlirlər açıqlanıb

Ötən il neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) 0,84 milyon manat və ya 0,49 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilir.

Sənədə əsasən, büdcədə nəzərdə tutulan məbləğə nisbətən 14,48 milyon manat az, yəni 5,5 % səviyyəsində icra olunaraq 2022-ci ilin göstəricisinə nisbətən 88,4 % azalıb.

Bu gəlir maddəsi üzrə daxilolmaların azalmasına səbəb Ukraynada baş verən hadisələrlə əlaqədar Qara dəniz vasitəsilə Qərb İxrac Boru Kəməri üzrə daşımaların dayandırılması olub.

Qeyd edək ki, hazırda Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə dünya bazarlarına nəql edilir. BTC hazırda əsasən “Azəri-Çıraq Günəşli” yatağından hasil edilən nefti və “Şahdəniz” yatağından hasil olunan kondensatı tədarük edir. Kəmər Bakı yaxınlığındakı Səngəçal terminalından başlayıb Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır.

BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib. BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.

Azərbaycan qazı isə Cənubi Qafqaz Boru kəməri (CQBK) vasitəsi ilə dünya bazarlarına çıxarılır. Kəmər Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün inşa edilmiş qaz kəməridir. Boru kəməri də Səngəçal terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda BTC neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

44 filmi