Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə azalıb

Energetika
  • 17 fevral, 2025
  • 14:22
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə azalıb

Bu ilin yanvar ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 3 milyard 562,6 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8 % azdır.

Hesabat dövrünə qazın nəqlinin 46,4 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 1 milyard 651,5 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 12,09 % azdır.

Cənubi Qafqaz boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və “Şahdəniz” yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

44 - Tezliklə