Ötən ay Azərbaycan təbii qaz ixracını təxminən 8 dəfə artırıb
- 16 fevral, 2024
- 08:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 1 milyard 931 milyon 879,69 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Məlumata görə, ötən ay Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 739 milyon 790,78 min ABŞ dolları təşkil edib.
Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar ayı ilə müqayisədə 7,6 dəfə, dəyəri isə 5,3 % çoxdur.
Yanvarda Azərbaycanın ümumi ixracında təbii qazın payı 40,12 % olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan 26 milyard 623 milyon 473,52 min kubmetr həcmində təbii qaz ixrac edib. Ötən il Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 13 milyard 678 milyon 344,14 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb.