Orxan Zeynalov: "Yaşıl dəhliz" region üçün yeni investisiya imkanları yaradacaq"
- 22 sentyabr, 2025
- 16:17

"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" regionun rəqabət qabiliyyətini artıracaq və yeni investisiya imkanları yaradacaq.
"Report"un məlumatına görə, bu barədə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib.
Nazir müavini hazırda tərəfdaşlarla birlikdə Mərkəzi Asiya-Azərbaycan-Avropa (Qazaxıstan və Özbəkistanı Xəzər dənizi vasitəsilə Azərbaycanla birləşdirən və Avropaya çıxan (yaşıl enerji dəhlizi -red.) sistemlərarası xətti üzərində iş aparıldığını xatırladıb.
"Bu marşrut Şərq və Qərbi, Şimal və Cənubu birləşdirən Orta dəhlizin çatışmayan həlqəsinə çevrilə bilər. O, Mərkəzi Asiya ilə Çini Avropaya və Yaxın Şərqə yaxınlaşdırır, biznes üçün yeni imkanlar yaradır. Əlavə investisiya perspektivləri açılır: investorlar əvvəlcə regionu bütövlükdə sonra isə ayrı-ayrı ölkələri qiymətləndirirlər. Eyni zamanda, bu, regionun birbaşa xarici investisiyaları və digər sərmayələri cəlb etmək üçün rəqabət qabiliyyətini artırır və regionun bütün ölkələrinə fayda gətirir", - O.Zeynalov qeyd edib.
Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "Black Sea Energy" sualtı elektrik kabelinin tikintisi haqqında strateji tərəfdaşlıq sazişi imzalanıb. 2024-cü ilin may ayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji operatorları "Black Sea Energy"nin reallaşdırılması çərçivəsində birgə müəssisənin yaradılması barədə memorandum imzalayıb. 2023-cü ilin iyun ayında Bolqarıstan layihəyə qoşulmaq niyyətində olduğunu bildirib.
"Black Sea Energy" Xəzər dənizinin Azərbaycan sektorunda istehsal olunan "yaşıl enerji"nin Gürcüstana, daha sonra Qara dənizin dibi ilə çəkilən kabellə Avropaya çatdırılmasını nəzərdə tutur. Bu dəhliz vasitəsilə ildə 4 QVt "yaşıl enerji"nin ixracı planlaşdırılır.
Obyektin tikintisi 3-4 il çəkəcək. Avropa Komissiyası layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.