OPEC 2024-2025-ci illər üzrə Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu dəyişməyib

Energetika
  • 13 fevral, 2024
  • 13:12
OPEC 2024-2025-ci illər üzrə Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu dəyişməyib

2024-cü il üçün Azərbaycanın maye karbohidrogenlərin gündəlik hasilatı 20 min barel artaraq orta hesabla 700 min barel olacağı proqnozlaşdırılır.

"Report" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) fevral hesabatına istinadən xəbər verir ki, artımın qismən “Şahdəniz”, “Abşeron” və “Ümid-Babək” qaz-kondensat layihələri hesabına baş verəcəyi proqnozlaşdırılır. “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqlarından hasilat da bu il yatağın yeddinci platforması sayəsində artmalıdır.

Proqnozlara görə, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin tədarükü gündəlik olaraq təqribən 10 min barel artaraq, orta hesabla 700 min barel təşkil edəcək: “AÇG və “Ümid-Babək” kimi bir sıra layihələrdən hasilatın artmasının digər köhnə yataqlardan hasilatın azalmasını böyük ölçüdə kompensasiya edəcəyi gözlənilir”.

Azərbaycanda 2023-cü ildə maye karbohidrogen hasilatının sutkada 60 min barel azalaraq orta hesabla 600 min barel səviyyəsinə çatacağı proqnozlaşdırılır. Dekabr ayında əsas neft yataqlarından hasilatın gözləniləndən aşağı olması səbəbindən bu rəqəm gündəlik 15 min barel azalma istiqamətində yenidən nəzərdən keçirilib.

Hesablamalara görə, köhnə yataqlardan, məsələn, AÇG-də ehtiyatların tükənməsi ötən il digər yataqlardan hasilatın artımını kompensasiya edib.

Dekabrda Azərbaycanda maye karbohidrogenlərin hasilatı əvvəlki ayla müqayisədə 14 min barel səviyyəsində azalaraq 2022-ci illə müqayisədə gündəlik hasilat orta hesabla 94 min barel azalaraq 600 min barel təşkil edib. Rəsmi mənbələrə görə, xam neft hasilatı orta hesabla sutkada 482 min barel, “Şahdəniz” yatağından hasilat isə gündəlik olaraq 122 min barel təşkil edib.

44 - Tezliklə