OPEC 2023-cü il üçün Qazaxıstanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozu artırıb
- 10 avqust, 2023
- 13:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstanda 2023-cü ildə maye karbohidrogenlərin hasilatı 100 min barel artaraq sutkada orta hesabla 1,9 milyon barelə çatacaq.
"Report" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) avqust hesabatına istinadən xəbər verir ki, bu artım, əsasən, iyun ayında hasilatın gözləniləndən çox olması səbəbindən əvvəlki proqnozla müqayisədə 9 min barel çoxdur.
“İyun ayında maye karbohidrogen istehsalı əvvəlki ayla müqayisədə 21 min barel artaraq gündəlik orta hesabla 1,9 milyon barel olub. Xam neft hasilatı isə 16 min barel artaraq gündəlik orta hesabla 1,6 milyon barelə çatıb.
Yüngül karbohidrogenlərin və kondensatın hasilatı aylıq 5 000 barel artaraq orta hesabla gündəlik 400 min barel təşkil edib”, - hesabatda deyilir.
OPEC qeyd edir ki, Qazaxıstanın qərbindəki əsas neft hasil edən regionlardan olan “Mangistau” və “Atırau”dakı yataqlarda elektrik enerjisinin kəsilməsi səbəbindən iyulun əvvəlində neft hasilatı dayansa da, bu, neft ixracına təsir göstərməyib.
Maye karbohidrogen hasilatının 2024-cü ildə gündə təxminən 80 min barel artaraq orta hesabla 2 milyon barelə çatacağı gözlənilir ki, bu da əsasən “Tengizchevroil” Gələcək Genişləndirmə Layihəsi çərçivəsində “Tengiz” neft yatağında hasilatın artması və hər quyu üçün təzyiqin idarə edilməsi layihəsinin hesabına həyata keçirilir. “Kaşaqan” yatağında neft hasilatının və “Qaraçaqanak” yatağında qaz-kondensat hasilatının cüzi artımı da gözlənilir.