Ölkə üzrə menecer: "Dünya Bankı Azərbaycanın geotermal potensialını qiymətləndirir" - EKSKLÜZİV
- 02 oktyabr, 2025
- 18:39

Dünya Bankı Azərbaycanın geotermal resurslarının potensialının qiymətləndirilməsi üçün texniki yardım göstərir.
Bu barədə "Report"a Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmayster (Stefanie Stallmeister) bildirib.
"Biz əməkdaşlığı davam etdirməyə hazırıq – bu, həmin sahədə konkret istiqamətlərin inkişafı üçün məqsədəuyğunluğundan asılı olaraq həm özəl sektordan, həm də dövlətdən maliyyə cəlb etməklə mümkündür. Hazırda texniki yardım davam edir və əlavə maliyyə vəsaitinin tələb olunub-olunmayacağı hələ müəyyən edilməlidir", - ölkə meneceri bildirib.
Ötən həftə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan "SOCAR Green" elan edib ki, ölkədə ilk geotermal stansiya 2030-cu ilə qədər istifadəyə veriləcək. Hazırda SOCAR geotermal texnologiyalar sahəsində təcrübəyə malik olan tərəfdaş-səhmdar axtarışındadır.
Qeyd edək ki, "SOCAR Green" geotermal enerji sahəsində "Baker Hughes Co." (ABŞ) və "Schlumberger" (SLB) şirkətləri ilə əməkdaşlıq edir. Bu şirkətlərlə sazişlər 2024-cü ilin noyabrında COP29 iqlim konfransı çərçivəsində imzalanıb.
Saziş çərçivəsində "Baker Hughes" Azərbaycanla ölkənin geotermal potensialının müəyyən edilməsi və qiymətləndirilməsi üzərində işləyir, "SLB GeothermEx" isə "SOCAR Green" tərəfindən Qarabağ bölgəsində perspektivli geotermal ərazilərin qiymətləndirilməsi üçün məsləhətçi kimi cəlb edilib.
Məlumdur ki, Qarabağ bölgəsində çoxlu vulkanik fəaliyyət və isti bulaqlar mövcuddur. Su 100-150 dərəcə selsi ola bilər. Bu o deməkdir ki, ənənəvi buxar enerjisi və ya geoenerji, evlərin, istehsal obyektlərinin birbaşa qızdırılması, müxtəlif mövzular üçün potensial var. İstisu vadisi, Qaragöl və Zuar isti bulağı geothermal energetikanın inkişafı üçün əhəmiyyətli potensiala malik yerlər kimi müəyyən edilib və geoloji kəşfiyyat işlərin aparılmasına dair proqram hazırlanıb.