Nazir: "D-8 çərçivəsində Asiya, Yaxın Şərq və Afrika ilə enerji tərəfdaşlığını gücləndirmək imkanları yaranır"
- 01 iyun, 2026
- 17:52
Yeniliklərdən dərhal xəbərdar olun!
D-8 çərçivəsində enerji əməkdaşlığı Azərbaycanın enerji tərəfdaşlıqlarını təkcə Avropa ilə deyil, həm də Asiya, Yaxın Şərq və Afrika boyunca gücləndirmək üçün imkanlar yaradır.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov D-8-ə üzv dövlətlərin enerji nazirlərinin I görüşündə bildirib.
Onun sözlərinə görə, Avropanın "yaşıl enerji keçidi"nin sürətlənməsi, gələcək qaz tələbatı ilə bağlı qeyri-müəyyənliklər və qlobal enerji bazarlarında artan rəqabət Azərbaycanın enerji diplomatiyasını daha geniş coğrafiyada intensivləşdirmək və genişləndirmək üçün əsasları gücləndirir: "LNG və neft məhsullarının təchizatı sahəsində əməkdaşlıq ötən il imzalanmış Anlaşma Memorandumundan sonra yeni mərhələyə qədəm qoyub. Bu çərçivədə, geniş neft kəməri infrastrukturu perspektivli təşəbbüs kimi önə çıxır.
İranla elektrik enerjisi mübadiləsi və ixracı, qaz əməliyyatları və regional enerji əlaqələri sahəsində geniş əməkdaşlıq imkanları mövcuddur. Hazırda ümumi gücü 280 meqavat olan "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarının birgə tikintisi üzrə işlər aparılır, "Ordubad" su elektrik stansiyasının tamamlanması isə gündəlikdə yüksək yer tutur. Elektrik enerjisi üzrə əməkdaşlıq hazırda 500 meqavat gücündə ötürücü xətlər vasitəsilə həyata keçirilir. Bundan əlavə, 1 000 meqavat gücündə Şərqi Zəngəzur-Naxçıvan elektrik əlaqəsinin yaradılması müzakirə olunur".