MVM: “Şahdəniz”dən payın alınması şaxələndirmə istiqamətində böyük addımdır

Energetika
  • 06 iyun, 2024
  • 06:17
MVM: “Şahdəniz”dən payın alınması şaxələndirmə istiqamətində böyük addımdır

Macarıstanın MVM şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” dəniz qaz-kondensat yatağının işlənməsi layihəsində 5 %-lik payın alınmasını qaz tədarükünün şaxələndirilməsi baxımından mühüm addım hesab edir.

“Report” xəbər verir ki, bunu "MVM Group"un baş direktoru Karoli Matray Bakı Enerji Forumunun II günündə bildirib.

“Azərbaycanla enerji sahəsində sıx əməkdaşlıq edirik. Ötən gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan “Şahdəniz”də 5 %-lik payın alınması ilə bağlı sənəd imzaladıq. Biz bununla qürur duyuruq, çünki Azərbaycanla xüsusi münasibətimiz var”, - deyə o qeyd edib.

K.Matrayın sözlərinə görə, bu “MVM Group” strategiyasında ən iri razılaşma olub: “Bu, bizim qaz tədarükümüzü şaxələndirmək və bir mənbədən asılılığı azaltmaq üçün mühüm elementdir”.

K.Matray xatırladıb ki, Macarıstan hazırda təbii qazı əsasən Rusiyadan alır: “Eyni zamanda, Macarıstan ötən il Azərbaycanla 100 milyon kubmetr qaz idxalına dair müqavilə imzalayıb. Azərbaycanla əməkdaşlığımız yüksək səviyyədədir”.

Macarıstan şirkəti həmçinin “Şahdəniz”dən təbii qazın satışı ilə məşğul olan “Azerbaijan Gaz Supply Company Limited”də (AGSC) 4 %-lik pay alıb. Sövdələşmənin 2024-cü ilin üçüncü rübündə bağlanacağı gözlənilir.

Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilə qədər uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).