Mərkəzi Asiya-Azərbaycan Transxəzər Yaşıl Enerji Dəhlizi layihəsinin TİƏ-sini hazırlayacaq icraçı seçilib

Energetika
  • 24 noyabr, 2025
  • 15:03
Mərkəzi Asiya-Azərbaycan Transxəzər Yaşıl Enerji Dəhlizi layihəsinin TİƏ-sini hazırlayacaq icraçı seçilib

İtaliyanın "CESI S.p.A." şirkəti beynəlxalq müsabiqənin nəticələrinə əsasən "Green Corridor Alliance" MMC-nin (Mərkəzi Asiya-Azərbaycan Transxəzər Yaşıl Enerji Dəhlizi) layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) birinci mərhələsini həyata keçirəcək.

Bu barədə "Report"a layihənin katibliyindən məlumat verilib.

CAREC proqramı çərçivəsində təşəbbüsə maliyyə və texniki dəstək göstərən Asiya İnkişaf Bankı (ADB) müqavilənin bağlanması haqqında danışıqlar aparmaq üçün "CESI S.p.A." şirkətinə dəvət göndərib.

Qeyd edək ki, ADB əvvəllər "Mərkəzi Asiya-Azərbaycan Transxəzər Yaşıl Enerji Dəhlizi" layihəsinin birinci mərhələsi üzrə TİƏ-nin hazırlanması üçün məsləhətçi seçimi ilə bağlı beynəlxalq tender elan etmişdi.

Layihəni ADB və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) paritet əsasda birgə maliyyələşdirməyi planlaşdırır. ADB satınalma prosesini əlaqələndirir, xidmət təchizatçısı müəyyən edildikdən sonra isə AİİB onunla birbaşa müqavilələr bağlayacaq.

Xatırladaq ki, 2025-ci il aprelin 4-də Azərbaycan, Qazaxıstan və Özbəkistan ADB və AİİB-in dəstəyi ilə "Xəzər yaşıl enerji dəhlizi" təşəbbüsünün birinci mərhələsinin başlanması barədə razılığa gəliblər. Tərəflər üç ölkənin enerji sistemlərinin inteqrasiyasını və Avropaya bərpa olunan enerji tədarükü marşrutunun yaradılmasını nəzərdə tutan layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair əməkdaşlıq sazişi imzalayıblar.

Bu təşəbbüs üç ölkənin liderlərinin 2024-cü ilin noyabrında COP29 çərçivəsində imzaladıqları "yaşıl enerji" sahəsində strateji tərəfdaşlıq haqqında sazişin davamı olub. Bundan başqa, həmin dövrdə Səudiyyə Ərəbistanının layihədə investor qismində iştirak etməsinə şərait yaradan əməkdaşlıq sənədləri də imzalanıb. Bundan sonra Bakıda layihənin inkişafını koordinasiya edən "Green Corridor Alliance" birgə müəssisəsi yaradılıb.

"CESI S.p.A." energetika sahəsində texniki konsaltinq və mühəndislik üzrə dünya lideridir. 1956-cı ildə təsis edilmiş və Milan şəhərində yerləşən şirkət dörd qitədə 70-dən çox ölkədə fəaliyyət göstərir. CESI sistemlərarası elektrik birləşmələrinin layihələndirilməsi, bərpa olunan enerji mənbələrinin inteqrasiyası və enerji aktivlərinin idarə olunması üzrə ixtisaslaşıb. Şirkətin müştəriləri ən böyük enerji şirkətləri, ötürücü sistem operatorları və beynəlxalq maliyyə institutlarıdır.

Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji şirkətlərinin birgə müəssisəsi olan "Green Corridor Alliance" MMC COP29 çərçivəsində "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində imzalanmış Strateji Tərəfdaşlıq Sazişinin həyata keçirilməsi məqsədilə yaradılıb. Layihə regionun enerji təhlükəsizliyinin gücləndirilməsini və "yaşıl enerji"nin Azərbaycan vasitəsilə Avropaya ixracını nəzərdə tutur.

Son xəbərlər

Bütün Xəbər Lenti