Kamal Abbasov: "Azərbaycan və İtaliya enerji sektorunda əla münasibətlərə malikdir"

Energetika
  • 23 noyabr, 2026
  • 13:02
Kamal Abbasov: Azərbaycan və İtaliya enerji sektorunda əla münasibətlərə malikdir

Azərbaycan və İtaliya enerji sektorunda əla münasibətlərə malikdir.

"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Kamal Abbasov bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan İtaliya üçün mühüm enerji tərəfdaşıdır və həm təbii qaz, həm də xam neft tədarük edir: "Ölkəmiz İtaliyanın aparıcı enerji təchizatçıları sırasındadır və bu ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. 2020-ci ildə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi vasitəsilə qaz tədarükünə başlanıldığından bəri İtaliyaya 51 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edilib. 2026-cı ilin ilk doqquz ayında bu tədarüklərin həcmi təxminən 6,4 milyard kubmetr təşkil edib. Bu tədarüklərlə yanaşı, SOCAR müxtəlif mənşəli xam neft, neft məhsulları, LNG və neft-kimya məhsulları tədarük etməklə iki ölkə arasında enerji sahəsinə töhfə verir".

O bildirib ki, bu enerji əməkdaşlığının geniş əhatə dairəsini əks etdirir: "Bundan əlavə, SOCAR və İtaliya şirkətləri üçüncü ölkələrdəki enerji layihələrində də əməkdaşlıq edirlər. Bu əməkdaşlığın yaxşı nümunəsi Kot-d'İvuardakı "Baleine" neft və qaz layihəsidir, SOCAR 2026-cı ilin sentyabrında "Eni" ilə tərəfdaşlığı çərçivəsində bu layihədə 10 % iştirak payı əldə edib. Bu, şirkətlərimiz arasında beynəlxalq tərəfdaşlığın genişləndirilməsi və qlobal enerji bazarlarında mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır".

Nazir müavini əlavə edib ki, əməkdaşlıq enerji dəyər zəncirinin "midstream" (nəqliyyat) və "downstream" (emal və paylama) seqmentlərini də əhatə edir: "Midstream" sektorunda "Eni" Azərbaycanın strateji enerji infrastrukturunda iştirakını nümayiş etdirərək Bakı-Tbilisi-Ceyhan boru kəmərində 5 %-lik paya malikdir. "Downstream" sektorunda isə mühüm mərhələ SOCAR-ın 2026-cı ilin may ayında "Italiana Petroli" şirkətinin səhmlərinin 99,82 %-ni almasının başa çatdırılması olub. Şirkət iki neft emalı zavodunu idarə edir, geniş saxlama və logistika infrastrukturuna malikdir, həmçinin 4500-dən çox yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkəyə sahibdir".

44 filmi