İtaliya Azərbaycandan neft idxalını 3 %-dən çox azaldıb
- 26 iyul, 2023
- 10:19
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan İtaliyaya 4 milyon 910 min 025,26 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 3 milyard 007 milyon 295,98 min ABŞ dolları təşkil edib.
Bu ilin ilk yarım ilində Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin 6 ayının göstəriciləri ilə müqayisədə 3,4 %, dəyəri isə 16,6 % azdır.
Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 38,3 % olub.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 12 milyon 818 min 606,52 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 7 milyard 803 milyon 144,3 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 6 ayda Azərbaycan xarici ölkələrlə 26 milyard 166 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Tcarət dövriyyənin 17 milyard 968 milyon ABŞ dolları ixracın, 8 milyard 198 milyon ABŞ dolları isə idxalın payına düşüb.