İtaliya Azərbaycandan neft idxalını 10 %-dən çox artırıb

Energetika
  • 17 noyabr, 2023
  • 12:04
İtaliya Azərbaycandan neft idxalını 10 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan İtaliyaya 9 milyon 252 min 135,76 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 5 milyard 850 milyon 955,99 min ABŞ dolları təşkil edib.

Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 10 ayının göstəriciləri ilə müqayisədə 10,6 % artıb, dəyəri isə 6,59 % azalıb.

Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 41,54 % olub.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 22 milyon 268 min 798,30 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 13 milyard 785 milyon 636,21 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb.