İtaliya Azərbaycandan ixrac etdiyi neftin 35 %-i ilə liderliyini qoruyur
- 17 may, 2024
- 07:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan İtaliyaya 2 milyon 400 min 401 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 537 milyon 616,27 min ABŞ dolları təşkil edib.
Bu dövrdə Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 28,6 %, dəyəri isə 27,06 % azdır.
Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 34,64 % olub.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyard 364 milyon 589,72 min ABŞ dolları dəyərində 6 milyon 928 min 455,79 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 8 milyard 168 milyon 591,68 min ABŞ dolları ixracın, 5 milyard 464 milyon 773,02 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,1 % az, idxal isə 3,1 % çoxdur.