İlin sonunadək Qazaxıstan BTC ilə neft daşımaları üçün daha üç tanker alacaq

Energetika
  • 25 avqust, 2023
  • 10:04
İlin sonunadək Qazaxıstan BTC ilə neft daşımaları üçün daha üç tanker alacaq

Qazaxıstan neftinin Aktau limanı vasitəsilə Azərbaycan istiqamətində ixrac edilməsi üçün “Kazmortransflot” şirkəti bu ilin sonuna qədər üç ədəd iritonnajlı tanker alacaq.

Bu barədə “Report” “Kazmortransflot” şirkətinin məxsus olduğu “KazMunayQaz Milli Şirkət” SC-dən məlumat verilib.

Bildirilib ki, bu tankerlərin alınması “KazMunayQaz” və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Abu Dhabi Ports Company” şirkətləri arasında imzalanmış strateji tərəfdaşlıq haqqında saziş çərçivəsində nəzərdə tutulub.

“Kazmortransflot”un donanmasının bu ilin sonuna qədər “Abu Dhabi Ports Company”nin iki ədəd 115 min yükgötürmə qabiliyyətinə malik (dedveyt) “Aframax” və bir ədəd 130 min dedveytə malik “Suezmax” ilə genişləndirilməsi gözlənilir.

Şirkətin məlumatında deyilir ki, artıq iyul ayında “Caspian Integrated Maritime Solutions” (CIMS) birgə müəssisəsi hər birinin dedveyti 8 min ton olan iki neft tankeri – “Taraz” və “Liva” gəmilərini alıb və artıq bu tankerlər Qazaxıstan neftinin Xəzər dənizi ilə nəqlində iştirak edir.

Xatırladaq ki, hazırda “Kazmortransflot” və “Abu Dhabi Ports” şirkətinin birgə tanker donanması Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən “Tengiz” yatağının neftini daşıyan 4 gəmidən ibarətdir.

“Kazmortransflot” şirkətinin sahibi olan KMG və “Abu Dhabi Ports” şirkətləri ötən ilin dekabrında Xəzərdəki neft və qaz layihələrinə dəniz xidmətlərinin göstərilməsi üçün birgə müəssisə yaratmaq üçün strateji tərəfdaşlıq sazişi imzalayıblar. Qazaxıstan Avropa İttifaqının sanksiya riskləri zonasında qalmaq qorxusundan Rusiya limanlarından yan keçərək neft ixracını artırır.

2022-ci ildə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Trans-Xəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu tapşırığa əsasən, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında “Tengiz” yatağından Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.

44 - Tezliklə