İki ayda Azərbaycanda neft məhsullarının istehsal həcmləri açıqlanıb
- 15 mart, 2024
- 13:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral ayında Azərbaycanda 248,9 min ton həcmində avtomobil benzini istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,8 % çoxdur.
Bu ilin iki ayında ölkədə 383,6 min ton dizel yanacağı istehsal edilib ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 7,8 % çoxdur.
Yanvar-fevral aylarında neft məhsulları istehsalının ümumi dəyəri 812,4 milyon manat təşkil edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,6 % artım deməkdir.
Hesabat dövründə 9,1 min ton sürtkü yağları, 32,1 min ton neft bitumu istehsal edilib. İl ərzində sürtkü yağlarının istehsalı 25,4 % azalıb, neft bitumunun istehsalı isə 58,9 % artıb.
Həmçinin ilin iki ayında ölkədə 37,5 min ton maye qazlar, 102,7 min ton ağ neft, 40,5 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 17,9 %, neft koksunun istehsalı 2,2 % azalıb, ağ neftin istehsalı isə 19,8 % artıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.