IGB vasitəsilə Bolqarıstan və Macarıstana LNG tədarük ediləcək

Energetika
  • 19 sentyabr, 2023
  • 14:15
IGB vasitəsilə Bolqarıstan və Macarıstana LNG tədarük ediləcək

Bolqarıstanın dövlət qaz tədarükçüsü “Bulgargaz” və Macarıstanın “MVM CEEnergy” şirkətləri mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü və ticarəti sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər.

“Report”un Macarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Bolqarıstan prezidenti Rumen Radevin mətbuat xidməti xəbər verir.

R. Radev Macarıstan paytaxtında keçirdiyi görüşlərdən sonra verdiyi açıqlamada bildirib ki, Budapeştdə iki şirkətin rəhbərləri tərəfindən imzalanan memorandum Bolqarıstanın Mərkəzi və Şərqi Avropanın LNG bazarlarında iştirakına yol açacaq.

Anlaşmanın şərtləri açıqlanmayıb. 2022-ci ilin aprel ayına qədər Rusiya qazından böyük asılılıqda olan Bolqarıstanın hazırda Yunanıstan və Türkiyədəki LNG terminallarına, eləcə də onların qaz ötürücü sistemlərinə çıxışı var.

Qeyd edək ki, bu infrastruktur Bolqarıstana daxili istifadə üçün qaz idxal etməyə və qonşu ölkələrə tranzit etməyə imkan verir. Hazırda illik üç milyard kubmetr ötürmə gücünə malik Yunanıstan-Bolqarıstan İnterkonnektor (IGB) boru kəməri vasitəsilə Bolqarıstan Yunanıstanın Revitus terminalından həm Xəzər qazı, həm də LNG idxal edir. Bolqarıstanın Rusiya qazından xilas edilməsində mühüm rol oynayan bu əlaqə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Cənub Qaz Dəhlizinə birləşir.

Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

"MVM CEEEnergy" və SOCAR şirkətləri arasında iyunun 2-də imzalanmış müqaviləyə əsasən Azərbaycan 2023-cü ilin sonunadək Macarıstana 100 milyon kubmetr qaz tədarük edəcək.

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Bolqarıstana, “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacaq” IGB vasitəsilə nəql edilir. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 5 milyard kubmetrə çatacağı gözlənilir.