IFC: Azərbaycan elektrik enerjisinə olan daxili tələbatın hüdudlarını aşa bilər
- 26 sentyabr, 2025
- 12:48
Azərbaycanın və regionun regionlararası səviyyədə həyata keçirilən daha irimiqyaslı bərpa olunan enerji layihələrinə ehtiyacı var.
"Report"un məlumatına görə, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) investisiya mütəxəssisi Vyaçeslav Qordiyenko Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" tədbirində bildirib.
Onun sözlərinə görə, Qara dənizin dibi ilə enerji kabeli layihəsi böyük strateji əhəmiyyətə malikdir.
"Lakin bunun həyata keçirilməsi üçün böyük səy və sıx əlaqələndirmə tələb olunacaq. Bu, Dünya Bankının mürəkkəb çoxtərəfli koordinasiya apardığı və ilkin araşdırmalar həyata keçirdiyi iş sahəsidir. Ümumiyyətlə, regiona dövlətlərarası əməkdaşlıq layihələri daha çox lazımdır. Əgər bu baş verərsə, Azərbaycan aparıcı elektrik enerjisi istehsalçılarından biri kimi daxili tələbatın hüdudlarını aşa biləcək", - IFC mütəxəssisi vurğulayıb.
V.Qordiyenko bildirib ki, bunun üçün təkcə Azərbaycanın səyləri kifayət deyil: "Mərkəzi Asiya ölkələri də bu prosesə cəlb edilməlidir. O zaman yerli istehsal gücləri formalaşmağa başlayacaq ki, bu da belə təşəbbüsləri kommersiya baxımından məqsədəuyğun edəcək".