İlin I yarısında Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü azalıb

Energetika
  • 01 avqust, 2018
  • 14:02
İlin I yarısında Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü azalıb

Bakı. 1 avqust. REPORT.AZ/ 2018-ci ilin I yarısında Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə 259 mln. ABŞ dolları sərf olunub. 

“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu məbləğin təqribən 18 mln. dolları əməliyyat xərcləri və 241 mln. dollar əsaslı xərclər  olub.

 6 ay ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 21 mln.kubmetr qaz olub. Bu həcm isə ötən ilin müvafiq dövründən 2% azdır.

Qeyd edək ki, bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nin biznes icrası üzrə məsul kommersiya operatorudur.

"CQBK" şirkətinin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

44 filmi