Faiq Mütəllimov: "İqlim fəaliyyəti yalnız enerjini necə istehsal etməyimizlə bağlı deyil"
- 10 sentyabr, 2026
- 12:05
Yeniliklərdən dərhal xəbərdar olun!
COP29-da niyyət yalnız çox geniş və sıx gündəliyə növbəti ekoloji təşəbbüsü əlavə etmək deyil, resurs səmərəliliyi və dövriyyə gündəliyi vasitəsilə fundamental bir fikri vurğulamaq olub.
"Report" xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəliyinin əməkdaşı Faiq Mütəllimov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 4-cü günündə bildirib.
"İqlim fəaliyyəti yalnız enerjini necə istehsal etməyimizlə bağlı deyil. Bu, həm də materiallardan necə istifadə etməyimiz, məhsulları necə layihələndirib istehsal etməyimiz, onları istifadədə nə qədər müddət saxlamağımız və xidmət müddəti başa çatdıqdan sonra onlarla nə baş verməsi ilə bağlıdır. Beləliklə, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və İqtisadi Əməkdaşlıq Təşkilatı ilə birlikdə bu gündəliyi irəli sürdük və bu, könüllü bir təşəbbüs idi. Ölkələr, hökumətlər və beynəlxalq təşkilatlarla yanaşı, bizneslər, QHT-lər və digər tərəfdaşlar da təşəbbüsə qoşula bilərdi və onların bir çoxu bu təşəbbüsə qoşuldu. Digər bir təşəbbüs, üzvi tullantılardan yaranan metan emissiyalarının azaldılması idi. Biz başa düşürük ki, tullantıların idarə olunması yerli ekoloji məsələ kimi qəbul edilə bilər. Lakin bu sistemdə metan qazı emissiyaları vasitəsilə onun mühüm təsiri var. Beləliklə, bu təşəbbüslə tullantıların idarə olunmasının təkmilləşdirilməsi, tullantıların qarşısının alınması, təkrar emal və digər praktiki tədbirlər vasitəsilə bu məsələyə daha geniş prizmadan baxmaq istədik", - deyə o qeyd edib.
F.Mütəllimovun sözlərinə görə, COP29-dan bəri nail olunanlar və irəliləyişləri üç sahəyə bölünə bilər: "Birincisi, dövriyyə konsepsiyası icra gündəliyi ilə daha sıx əlaqələndirilib. Çünki əvvəllər hamımız elə düşünə bilərdik ki, dövriyyə daha çox tullantıların idarə olunması ilə bağlıdır. Lakin bu gün biz dövriyyəyə bütün iqtisadi sistem prizmasından baxmalıyıq: iqtisadi dəyər yaratmaq üçün nə qədər material, enerji və su istifadə edirik və bu dəyərin nə qədər hissəsini təkrar istifadə, təkrar emal və bərpa vasitəsilə saxlaya bilirik. Beləliklə, bu, məqsədimiz və dövriyyə gündəliyi istiqamətində mühüm bir məqamdır. İkincisi, buna milli gündəlik baxımından yanaşmaq istərdim. Biz bu geniş istiqaməti milli gündəliyimizə getdikcə daha çox daxil edirik. Plkəmizin milli inkişaf prioritetlərinə artıq təmiz ətraf mühit və "yaşıl artım" prioritetləri daxil edilib. Bu, Azərbaycanın 2030-cu ilə qədər olan beş prioritetindən biridir".