Erfan Ali: Qarabağ bərpa olunan enerji sahəsinə investisiya qoyuluşu üçün böyük potensiala malikdir

Energetika
  • 02 sentyabr, 2026
  • 12:25
Erfan Ali: Qarabağ bərpa olunan enerji sahəsinə investisiya qoyuluşu üçün böyük potensiala malikdir

Qarabağ bərpa olunan enerji sahəsinə investisiyaların cəlb edilməsi üçün böyük və perspektivli imkanlara malikdir.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Erfan Ali 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, minatəmizləmə fəaliyyəti münaqişə və ya post-münaqişə şəraitində şəhərlərin bərpası üzrə istənilən səylərin başlamalı olduğu təməl daşıdır.

"Qarabağ regionunda və Şərqi Zəngəzurda hökumətin minatəmizləmə sahəsindəki səyləri son dərəcə mühüm əhəmiyyət kəsb edir. Onlar şəhər bərpasının planlaşdırılmasının növbəti mərhələlərinə - yaşayış yerləri, əsas xidmətlər, ictimai obyektlər, yollar, sosial infrastruktur obyektləri, xəstəxanalar, təhsil müəssisələri, məktəblər və s. bərpasına və yenidən qurulmasına keçid etməyə imkan verir", - E.Ali qeyd edib.

O vurğulayıb ki, energetika həm də "Böyük Qayıdış" proqramı çərçivəsində şəhərlərin bərpası, dayanıqlı bərpanın təmin edilməsi və əhalinin geri qayıdışı üçün mühüm əhəmiyyət kəsb edir.

"Enerji sahəsinə gəlincə, əgər biz "əvvəlkindən daha yaxşı bərpa etmək" prinsipindən danışırıqsa, şübhəsiz ki, bərpa olunan enerji mənbələrini və dayanıqlı inkişaf aspektlərini nəzərə almalıyıq. Bu regionda bərpa olunan enerji sahəsinə investisiya yatırmaq imkanları çox geniş və çox perspektivlidir", - UN-Habitat nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bərpa olunan enerjinin inkişafı həm də regionun strateji baxışı çərçivəsində nəqliyyat və enerji dəhlizlərinin inkişafı üzrə iddialı planlara uyğundur.

"Biz regionu, Mərkəzi Asiyanı və Avropanı birləşdirən Orta Dəhliz haqqında eşitmişik. Bu region, eləcə də Azərbaycanda həyata keçirilən səylər, xüsusilə Qarabağdakı iddialı planlar bu məqsədə tam uyğundur", - o vurğulayıb.

44 filmi