“Equinor” Azərbaycandakı filiallarından birinin ləğv olunduğunu elan edib
- 07 iyun, 2024
- 09:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Norveçin “Equinor” şirkəti Xəzər dənizində “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektivli strukturlarının işlənməsi üçün təsis edilmiş “Equinor Azerbaijan Ashrafi Dan Ulduzu Aypara B.V.” törəmə şirkətinin Azərbaycan filialının ləğv olunduğunu elan edib.
Bu barədə “Report”a şirkətdən məlumat verilib.
Bildirilib ki, “Equinor Azerbaijan Ashrafi Dan Ulduzu Aypara B.V.” iki ay ərzində kreditorlarun tələblərini qəbul edəcək.
Qeyd edək ki, bu qərar 2023-cü il dekabrın 22-də “Equinor” şirkətinin Azərbaycandakı aktivlərinin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satışına dair müqavilənin imzalanmasından bir neçə ay sonra verilib.
Xatırladaq ki, SOCAR və "Equinor" 2018-ci il mayın 31-də Bakıda “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektivli strukturlar blokunun işlənməsi üçün Risk Xidməti Sazişi imzalayıb. Layihəni həyata keçirmək üçün SOCAR və "Equinor" paritet səhmlərə (50 %-in 50 %-ə) malik əməliyyat şirkəti yaratdılar.
2022-ci ilin yanvarında şirkətlər elan ediblər ki, “Aypara” strukturunda aparılan seysmik kəşfiyyat işləri sənaye əhəmiyyətli neft-qaz ehtiyatlarının olması barədə danışmağa əsas verir.
“Əşrəfi-Dan Ulduzu-Aypara” müqavilə sahəsi Bakıdan 50 km şərqdə, Azərbaycanın sahil zolağından (Abşeron yarımadası) 14 km şərqdə və Çilov və Pirallahı adalarından 7 km şərqdə yerləşir. Dənizin dərinliyi 20 ilə 225 metr arasında dəyişir.