Dünyanın ən iri enerji şirkəti “SOCAR Trading”dən menecer cəlb edib
- 23 noyabr, 2023
- 08:19
Dünyanın ən iri enerji şirkətlərindən biri olan Səudiyyə Ərəbistanın “Saudi Aramco” şirkəti Amerikada xammal ticarətinə rəhbərlik etmək üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət bölməsi olan “SOCAR Trading”dən meneceri öz heyətinə cəlb edib.
Bu barədə “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, daha əvvəl “SOCAR Trading”də çalışmış Den Hausdur.
D.Haus ötən həftə Şimali Amerika üzrə ticarət meneceri olduğu “SOCAR Trading”in Hyustondakı ofisindən ayrılıb. Onun artıq təxminən bir ay sonra “Aramco Trading Americas” şirkətində işə başlayacağı gözlənilir.
Bildirilir ki, “Saudi Aramco” ticarət biznesini genişləndirir. Hyustonda yerləşən “Aramco Trading Americas” şirkəti əsasən “Saudi Aramco”nun neft emalı biznesi üçün alqı-satqı ilə məşğul olmaq üçün bu ilin yanvar ayında yaradılıb.
Qeyd edək ki, “SOCAR Trading”dən əvvəl D.Haus 9 il “Mercuria Energy Group” şirkətində enerji treyderi vəzifəsində çalışıb. O, həmçinin təxminən dörd il ABŞ-ın yük maşınları üçün dayanacaqları şəbəkəsi olan “Love's Travel Stops & Country Stores”i idarə edən “Musket Corp.” şirkətində işləyib.