Dünya bazarlarında neftin qiyməti fərqli dinamika nümayiş etdirib
- 11 mart, 2022
- 05:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Ardıcıl iki ticarət sessiyası ucuzlaşdıqdan sonra dünya bazarlarında neftin qiyməti fərqli dinamika nümayiş etdirib.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 0,05% ucuzlaşaraq, 1 bareli 109,28 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə əksinə 0,25% artaraq, 1 bareli 106,29 ABŞ dolları təşkil edib.
Rusiyaya qarşı sanksiyalar fonunda neft tədarükü ilə bağlı narahatlıq neftin qiymətinə təsir edir. Martın 8-də ABŞ Rusiyadan neftin, bir sıra neft məhsullarının, sıxılmış təbii qazın və kömürün idxalına qadağa qoyub. Ardınca Böyük Britaniya ilin sonundan etibarən Rusiyadan neft və neft məhsullarının idxalını dayandıracağını açıqlayıb. Sonra BƏƏ-nin ABŞ-dakı səfiri Yusuf əl-Uteyb ölkəsinin neft hasilatının artırılmasına tərəfdar olduğunu və müvafiq qərarı OPEC çərçivəsində təşviq edəcəyini bəyan etdikdən sonra neftin qiymətində kəskin eniş qeydə alınıb.
Analitiklər Rusiyanın ritorikasının xammal qiymətlərinə təsir etdiyinə işarə edirlər. Onların fikrincə, ABŞ dollarının möhkəmlənməsi neftin qiymətinin artımına mane olur.