Dünya Bankı neftin qiymətinə dair proqnozunu yeniləyib
- 22 oktyabr, 2021
- 11:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya Bankının ehtimalına görə, 2022-ci ildə neftin “Brent”, “Duabi”, WTI markaları orta hesabla 74, 2023-cü ildə isə 65 ABŞ dollarından satılacaq.
“Report” xəbər verir ki, qurumun “Əmtəə bazarlarının perspektivi” adlı hesabatında bu ildə neftin orta qiyməti 70 dollar gözlənilir.
Hesabat müəlliflərinin fikrincə, aprel proqnozuna nisbətən xeyli artırılan proqnoz dünya iqtisadi artımına dair daha böyük gözləntiləri əks etdirir. Neftə tələbatın böhrandan əvvəlki səviyyəyə gələn il qayıdacağı güman edilir. Bu tələbatın əsasən Çin, Hindistan, Rusiya kimi inkişaf edən ölkələr hesabına artacağı, inkişaf etmiş bəzi ölkələrdə isə hələ də az olduğu və əvvəlki səviyyəyə qayıdacağının sual altında olduğu bildirilir. Belə ki, hələ pandemiyadan əvvəl əksər inkişaf etmiş ölkələrdə neftə tələbat ildən-ilə azalırdı. İndi isə isinmə və elektrik enerji istehsaında neftin qazı əvəzlənməsi hesabına neftə gündəlik tələbatın 0,5 milyon barel arta biləcəyi güman olunur.
Gündəlik neft hasilatının daha çox OPEC+ çərçivəsində gələn ilin üçüncü rübünədək hasilat ixtisarına son qoyması nəticəsində 6 milyon barelə çatacağı gözlənilir. OPEC+ formatından kənarda ən çox hasilat artımı olduğu ABŞ-da gələn il gündəlik hasilatın 1 milyon barel artacağı gözlənilir.
Neft bazarındakı təklifə gəlincə, İran nüvə proqramına dair Müştərək Əhatəli Tədbirlər Planının (JCPOA) yenidən işə salınması, bu ölkənin neft ixracatına qarşı sanksiyaların ləğv edilməsi halında İranda gündəlik hasilat 1 milyon bareldən çox arta bilər. Yeni hasilata az sərmayə qoyulması nəticəsində qarşıdakı dövrdə təklif artımı tələbatdan zəif ola bilər.
Hesabata əsasən, son vaxtlar sərmayədarların daha çox ekoloji tutumlu, sosial, idarəçiliklə bağlı layihələrə yönəlməsi ənənəvi sahələrə sərmayə artımını əngəlləyəcək. Bununla belə, enerjidə dəyişikliyin miqyası və sürəti hələ də qeyri-müəyyən olaraq qalır. OPEC və Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozlarına görə, hazırkı siyasət davam etsə, neftə tələbat sabitləşməzdən əvvəl daha bir neçə dəfə arta bilər.
Dünya Bankına görə, gələcəkdə neftin qiymətinin kəskin artmasını əngəlləmək üçün yeraltı yanacağa alternativlər önə çıxarılmalı və bunun hesabına həmin yanacağa tələbatın azalmasına nail olunmalıdır.